Yuxarı

Bakıda qətl törətməkdə və quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

İşə hakim İradə Həsənzadənin sədrliyi ilə baxılacaq

Bakı. 29 avqust. REPORT.AZ/ Bakıda qətl törətməkdə və quldurluq etməkdə təqsirləndirilən şəxslərin cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadənin cinayət işinin ibtidai istintaqı Sabunçu Rayon Prokurorluğunda araşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 5-nə təyin edilib. İşə hakim İradə Həsənzadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Hadisədən sonra A.Teymurova dünyasını dəyişib.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub.

Q.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və K.Cəfərzadə isə 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi