Bakıda qətl törədən Gürcüstan vətəndaşı: "Evə qayıdanda onun arvadıma təcavüz etdiyini gördüm" - YENİLƏNİB

Bakıda qətl törədən Gürcüstan vətəndaşı: "Evə qayıdanda onun arvadıma təcavüz etdiyini gördüm" - YENİLƏNİB Dövlət ittihamçısı ittiham aktını elan edib
Hadisə
9 Oktyabr , 2017 14:46
Bakıda qətl törədən Gürcüstan vətəndaşı: Evə qayıdanda onun arvadıma təcavüz etdiyini gördüm - YENİLƏNİB

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

 İ.Əhmədov özünü elan olunmuş ittiham üzrə təqsirli bildiyini deyib.

O, Gürcüstan vətəndaşı olduğunu, 9 yaşında Bakıya köçdükllərini söyləyib.

Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini danışıb: "Fial İsmayılovun evində arvadımla kirayədə yaşayırdım. Fial da həmin evin arxasında qalırdı. Hadisədən əvvəl pivə alıb gətirdim. Onunla birgə pivə içdim. Bir-birimizə qardaş deyirdik. Gecə saat 4 radələrində Fial dedi ki, qazın sayğacının balansında pul qurtarıb. Birgə mağazaya getdik. Sonra o yoldan geri qayıtdı, işinin olduğunu söylədi. Evə qayıdanda Fialın arvadıma təcavüz etdiyini gördüm. Əvvəlcə onunla dava etdik. Sonra əlimə bıçaq keçdi, onu vurdum".

O, əməlindən peşman olduğunu qeyd edib.

Daha sonra zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən şəxsin atası Elzibar İsmayılov dindirilib. O bildirib ki, İ.Əhmədov hadisədən sonra F.İsmayılovu bir neçə şəxs tərəfindən öldürdüyünü söyləyib: "İlkinin dediyinə görə, evdə onun arvadının yanında iki nəfər olub. Guya onlar oğlumu bıçaqlayıb. Amma sonra İlkin bu dediklərini inkar etdi".

Prosesdə təqsirləndirilən İ.Əhmədovun həyat yoldaşı Aygün Əhmədova şahid qismində ifadə verib. O, qətlə yetirilən F.İsmayılovun onu narahat etdiyini deyib: "Hadisədən əvvəl Fial məni zorladı. Sonra mənim iş yerimə, kafeyə gəlib, bir neçə bakal pivə içdi. Hadisə günü də Fial bizə gəldi. Qapını döydü. İlkinə dedim ki, qapını açma. İlkin qapını açdı, onlar pivə içdilər. Pivə içəndən sonra Fial İlkinə qazın smart-kartına pul vurmaq lazım olduğunu deyib. Mən həmin vaxt yatmışdım. Qalxanda gördüm ki, Fial başımın üstündə idi. Fial məni zorlamaq istədi. Bu zaman İlkin evə gəldi. Əvvəl həyat yoldaşım onu çölə çıxartdı, Fial söyüş söyürdü. Bıçağı kimin götürdüyünü bilmədim. Bu zaman Fial dedi ki, "bıçaq qarnıma girdi". Sonra onun bıçaqlandığını bildim".

Məhkəmənin növbəti iclası oktyabrın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, İ.Əhmədov uzun müddətdir F.İsmayılovun evində kirayədə yaşayıb. İ.Əhmədov ev sahibi F.İsmayılovun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. Sonra onları münasibətdə olarkən yaxalayıb. Nəticədə onların arasında dava düşüb və İ.Əhmədov F.İsmayılovu qətlə yetirib.

Hadisəni törədən İ.Əhmədov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi