Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakı şəhərində polisin qanuni tələbini yerinə yetirmədiyinə, avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaratdığına, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, paytaxtın müvafiq rayon məhkəmələrinin çıxardığı qərarlar əsasında sürücülər həbs olunub.
Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildirilib.
İdarənin əməkdaşları tərəfindən paytaxt yollarında müəyyən olunaraq, saxlanılan 8 nəfərə 10 gündən 40 günə qədər müddətlərdə inzibati həbs cəzası verilib.
Həmin şəxslərdən 3 nəfər polisin qanuni saxlama əmrinə tabe olmadığına, 5 nəfər avtoxuliqanlığa və avtomobili sərxoş idarə etdiyinə görə təqsirli bilinib.
Həbs olunan sürücülər arasında sosial şəbəkələrdə gənc sürücüləri paytaxtın mərkəzi küçələrində avtoxuliqanlıq etməyə çağıran sürücülər də var. Sosial şəbəkələrdə yayılan məlumatlardan həvəslənən Bakı şəhər sakini, 24 yaşlı Orxan Paşayev idarə etdiyi “Seat” markalı maşınla bu çağırışlara qoşularaq, Səbail rayonu ərazisində avtoxuliqanlıq əməlləri törətdiyi üçün yol polisi tərəfindən saxlanılıb.
İnzibati qaydada həbs edilənlər arasında avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən şəxslərə də rast gəlinib. Onlardan biri –Qəbələ şəhər sakini, 36 yaşlı Rahim Kərimov bildirib ki, neçə ildir avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. O, sənədləri olmadığına görə yol polisinin qanuni “saxla” əmrinə əməl etməyərək avtoxuliqanlıq hərəkətləri törədib.
Sərxoş vəziyyətdə idarə etdiyi “Moskviç” markalı avtomobillə sərxoş vəziyyətdə qəza törədən 3 uşaq atası 25 yaşlı Sabunçu rayon sakini Anar Bağırov da məhkəmənin çıxardığı müvafiq qərara əsasən həbs edilib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edir.