Yuxarı

​Bakıda qardaşını qətlə yetirən şəxs: "Mənə acı sözlər dedi..."

Dövlət ittihamçısı ittiham aktını elan edib

Bakı. 18 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirən Elxan Həbibovun cinayət işi məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib. O, ifadəsində evdə qardaşı ilə yola getmədiyini deyib: "Hadisədən əvvəl mənə acı sözlər dedi. Mən də məcbur oldum qardaşımı bıçaqla vurdum".

Qətlə yetirilən Əbülfət Həbibovun həyat yoldaşı İradə Həbibova E.Həbibova ən ağır cəzanın verilməsini istəyib: "Elxan həmişə deyirdi ki, sizi doğrayacam. O, yoldaşımı vuranda qonşu görmüşdü. Yoldaşım Elxana onu öldüməmək üçün yalvarırdı. Məhkəmədən xahiş edirəm ki, Elxana ən ağır cəza verilsin".

Məhkəmənin növbəti iclası iyulun 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi 3 ünvanında baş verib. 45 yaşlı E.Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib.

Mübahisə zamanı E.Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Ə.Həbibovun başına armatur parçası ilə də dəfələrlə zərbə vurub. Nəticədə 43 yaşlı Ə.Həbibov hadisə yerində dünyasını dəyişib.

Qardaşını amansızlıqla qətlə yetirən E.Həbibov saxlanılıb. Nərimanov Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluqdan, həmçinin E.Həbibovun ruhi xəstə olduğu bildirilib. Onun qətlə yetirdiyi qardaşının da psixi problemləri olub. Həmin şəxslərin bir qardaşı bir neçə il əvvəl özünü yaşadıqları mənzilin eyvanından ataraq intihar edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi