Yuxarı

​Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxs apellyasiya şikayəti verib

İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq

Bakı. 12 mart. REPORT.AZ/ Bakıda qadına 15 bıçaq vuraraq öldürməkdə təqsirləndirilən Əmri Süleymanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas martın 15-nə təyin edilib.

İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci il fevralın 13-də baş verib. Bakının Buzovna qəsəbəsi ərazisində "dəniz qırağı" adlanan ərazidən Oğuz rayonunda qeydiyyatda olan, Аbşеrоn rаyоnu, Mаsаzır qəsəbəsində yаşаyаn, 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızının üzərində 15 bıçaq zərbəsi aşkarlanan meyiti tapılıb. İlkin istintaq zamanı müəyyən olunub ki, X.Rzayeva yüngül həyat tərzi keçirib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti Əmri Süleymanovun törətdiyi məlum olub. Lakin qətl törədən şəxs hadisədən sonra Azərbaycandan qaçıb. Fevralın 17-də isə Ə.Süleymanov Rusiyanın paytaxtı Moskvada qatardan düşən kimi saxlanılıb. Daha sonra Rusiya hüquq-mühafizə orqanları X.Rzayevanı öldürən şəxsi Azərbaycana təhvil verib.

Ə.Süleymanov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən аdаm öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (qəsdən аdаm öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Bu il yanvar ayının 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Süleymanov 19 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi