Yuxarı

Bakıda qadını öldürən şəxs 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Fəhmin Qədimovun cinayət işi üzrə məhkəmə başa çatıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fəhmin Etibar oğlu Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Qədimov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışında F.Qədimovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi bu il fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda, Cavadxan küçəsində baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyitinin aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırmaları zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib. Daha sonra qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimovun olduğu bəlli olub. Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayıb. O, S.Əsgərovanı qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

F.Qədimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi