Bakıda intihar kimi qeydə alınmış hadisənin qətl olması müəyyən edilib - YENİLƏNİB
- 10 fevral, 2023
- 13:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda intihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən edilib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.
Belə ki, 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
12:12
Bakıda qətl törədilib, hadisəni törətməkdə şübhəli billinən şəxs bunu hüquq-mühafizə orqanlarına intihar kimi təqdim edib.
“Report”un əldə etdiyi məlumata görə, bu gün Xətai rayonunda evlərdən birində 1977-ci il təvəllüdlü Solmaz Mansurova 15 yaşlı oğlu tərəfindən qətlə yetirilib.
Daha sonra yeniyetmə hüquq-mühafizə orqanlarına zəng vuraraq anasının intihar etdiyini bildirib. Polis əməkdaşları hadisə yerinə yollanıb.
Araşdırmalarla qətlin mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü şübhəli tutularaq istintaqa təhvil verilib.