Bakı. 4 dekabr. REPORT.AZ/ Qaçırdığı avtomobillə qəza törədən şəxs tutulub, onun oğurluğa cəhd etməsi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 3-nə keçən gecə Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Ramil Hüseynova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədənazirliyin “102 Zəng Mərkəzi”nə məlumat daxil olub.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 2:00 radələrində paytaxtın Nizami rayonu ərazisində qabaq hissəsi əzilmiş vəziyyətdə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onu idarə edərək hadisəni törətməkdə şübhəli bilinən şəxs avtomobillə birgə 18-ci Polis Bölməsinə təhvil verilib.
Araşdırmalarla həmin şəxsin Biləsuvar rayon sakini Şahin Cavadov olması və onun dekabrın 3-nə keçən gecə “Mercedes” və “Niva” markalı 2 avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilib.
Araşdırma aparılır.