Bakıda polis mayorunu bıçaqlamaqda təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda polis mayorunu bıçaqlamaqda təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası oktyabrın 26-na təyin edilib
Hadisə
7 Oktyabr , 2017 11:00
Bakıda polis mayorunu bıçaqlamaqda təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində polis əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 26-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Ə.Məhərrəmov orada həmin şəxslərlə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.

Məlumata görə, daha sonra Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Ə.Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub.

Onu da əlavə edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və o, hadisə vaxtı xidmətdə olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə Ə.Həsənov 14 il 6 ay və Ə.Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi