Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 21 nəfər saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Saxlanılan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 3 kiloqram narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Qeyd edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.