Bakıda özlərini "kriminal avtoritet" kimi təqdim edərək cinayət törədən şəxslərin məhkəməsində zərərçəkmişlər dindirilib

Bakıda özlərini "kriminal avtoritet" kimi təqdim edərək cinayət törədən şəxslərin məhkəməsində zərərçəkmişlər dindirilib "Nə söhbətin, problemin olsa, bir qardaş kimi mən həll edərəm" deyərək, telefonumu istədi"
Hadisə
19 Oktyabr , 2017 17:04
Bakıda özlərini kriminal avtoritet kimi təqdim edərək cinayət törədən şəxslərin məhkəməsində zərərçəkmişlər dindirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Yusif Nəbiyev və 1992-ci il təvəllüdlü Murad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş Emin İlyasov ifadə verib.

O bildirib ki, ötən ilin noyabrında metronun "20 Yanvar" stansiyasında iki nəfər onun telefonunu danışmaq üçün alıb və sonra geri qaytarmayıb: "Danışmaq üçün telefonumu istədi. Mən də etiraz etmədim. Yusif telefonumu aldı, amma geri qaytarmadı. Onlar əvvəlcə pul istədilər. Tələbə olduğumu bildirdim. Sonra telefonun nömrəsi və yaddaş kartını onlardan aldım. Həmin şəxslər məndən uzaqlaşandan sonra gedib polisə müraciət etdim".

E.İlyasov zərərin ödənilmədiyini deyib.

Y.Nəbiyevin vəkili qeyd edib ki, E.İlyasova dəymiş zərər ödənilib: "Yusifin babası 1000 manat pulu istintaqda müstəntiqə verib. Amma indi zərərçəkmiş deyir ki, ona heç bir məbləğ ödənilməyib".

Hakim dəymiş zərərin ödənilməsini təqdim edən sənədin məhkəməyə təqdim edilməli olduğunu bildirib.

Təqsirləndirilən Y.Nəbiyev isə söyləyib ki, telefonu tək alıb və hadisə yerindən də qaçmayıb.

Zərərçəkmiş Eİsmayılov isə təqsirləndirilən şəxsin yalan danışdığını bildirib.

Digər təqsirləndirilən M.Həsənov isə hadisə yerində olmadığını qeyd edib.

Daha sonra zərərçəkmiş qismində Kamran Şirinov məhkəmədə dindirlən zaman deyib ki, metronun "Sahil" stansiyası yaxınlığında tanımadığı şəxs (Y.Nəbiyev) ona yaxınlaşıb və söhbət etmək istədiyini deyib: "Yusif dedi ki, ""Tarqovı" mənim ərazimdi". "Nə söhbətin, problemin olsa, bir qardaş kimi mən həll edərəm" deyərək telefonumu istədi. O, söhbət zamanı bildirdi ki, "içəridə yaxşı qardaşlar var. Onlara pul çatmalıdır". Yusif mənə telefonu girov qoyub pul götürəcəyini, bir həftəyə də qaytaracağını söylədi. O, mənə dedi ki, "bu telefonu almaq üçün "Zasluqa"m çatır".

Hakim təqsirləndirilən Y.Nəbiyevdən "zasluqa" sözünün mənasını soruşub, lakin o, cavab verə bilməyib: "Cavanam, bir səhvdir etmişəm".

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin oğurluq, quldurluq və soyğunçuluq maddələri ilə təqsirli bilinir. Onlar Bakıda vətəndaşlara özlərini "kriminal avtoritet" kimi təqdim ediblər.

Məhkəmənin baxış iclasında ittihama münasibət bildirən Y.Nəbiyev oğurluq və soyğunçuluq törətdiyini etiraf etsə də, quldurluqda özünü təqsirli bilmədiyini söyləyib.

M.Həsənov isə ona qarşı irəli sürülən ittihamların heç biri ilə özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, Y.Nəbiyevin atası Mehman Nəbiyev qətl törətdiyinə görə hazırda məhkumluq həyatı yaşayır.

Son xəbərlər

Orphus sistemi