Yuxarı

Bakıda ölən şəxs məhkəməyə çağırılıb

Prokurorluq işçisinin rəsmi qaydada cəzalandırılmasının maraqlı təfərrüatları məlum olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda prokurorluq işçisinin rəsmi qaydada cəzalandırılmasının maraqlı təfərrüatları məlum olub. 

"Report"un məlumatına görə, Nizami rayon prokurorunun müavini Mehman Xankişiyevə töhmət elan olunmasına səbəb prokurorluqda ölən şəxsə qarşı cinayət işinin davam etdirilməsi, işə xitam verilməməsi olub.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Quliyev Rövşən Şahzadə oğluna qarşı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) maddəsi ilə cinayət işi başlanılıb. Lakin R.Quliyev istintaq müddətində zaminə buraxılıb.

Zamində olduğu vaxtda isə o, dünyasını dəyişib. Lakin istintaq orqanlarının bundan xəbəri olmayıb. R.Quliyev barəsində cinayət işinə xitam verilməli olduğu halda, istintaq davam etdirilib. R.Quliyev həyatda olmaya-olmaya onun "ifadəsi alınıb", onun əvəzində iş materiallarına imza atılıb. Cinayət işinin istintaqı yekunlaşandan sonra isə iş araşdırılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Hətta məhkəmə prosesi də olub. Yalnız məhkəmə araşdırmaları zamanı R.Quliyevin dünyasını dəyişməsi faktı ortaya çıxıb.

Belə ki, məhkəmə prosesində təqsirləndirilən şəxsin iştirak etmədiyini görən hakimlər bu barədə müvafiq dövlət qurumlarına sorğu göndəriblər. Sorğuya gələn cavabda isə R.Quliyevin öldüyü məlum olub.

Beləliklə, sözügedən cinayət işində istintaqa nəzarət edən Nizami rayon prokurorunun müavini Mehman Xankişiyev cəzalandırılıb, yəni ona töhmət elan olunub.

Qeyd edək ki, M.Xankişiyev Nizami rayon prokurorunun müavini təyin olunana qədər Abşeron Rayon Prokurorluğunda müstəntiq və Bakı şəhər Prokurorluğunda Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsində işləyib. Onun atası Nizami Xankişiyev isə uzun illər Bakının müxtəlif instansiya məhkəmələrində hakim işləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi