​Bakıda müstəntiqə qarşı dələduzluq edən həkimin şikayəti əsasında məhkəmə başlayıb

​Bakıda müstəntiqə qarşı dələduzluq edən həkimin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib
Hadisə
2 Fevral , 2016 16:31
​Bakıda müstəntiqə qarşı dələduzluq edən həkimin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən 1953-cü il təvəllüdlü Laləzar Quliyeva barəsində verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

“Report” xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, L.Quliyeva 2008-2009-cu illərdə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində müstəntiq işləyən Hacı Əfəndiyevlə tanış olub. L.Quliyeva H.Əfəndiyevin Tibb Universitetini bitirən həyat yoldaşını 1 saylı doğum evinə ginekoloq vəzifəsinə düzəldəcəyini vəd edib. Müstəntiq bu işlə qaynı Nazim Quliyevin məşğul olacağını deyib. L.Quliyeva N.Quliyevin etibarından sui-istifadə edərək ondan 10 min manat pul alaraq qaytarmayıb. N.Quliyev isə aldanıldığını görüncə hüquq-mühafizə orqanlarına şikayət edib. L.Quliyeva 1985-ci ildən 2010-cu ilə kimi Neftçilər Xəstəxanasında tibb məntəqəsinin müdiri vəzifəsində işləyib.

2015-ci ilin sentyabr ayının 9-da L.Qulieva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, bu, L.Quliyevanın ilk cinayəti deyil. O, 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin eyni maddəsi (178.3.2-ci) ilə ittiham olunub və barəsində şərti cəza təyin edilib.

2015-ci ilin dekabr ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində L.Quliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi