​Bakıda müstəntiqə qarşı dələduzluq edən həkimin cəzası yüngülləşdirilib

​Bakıda müstəntiqə qarşı dələduzluq edən həkimin cəzası yüngülləşdirilib Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib
Hadisə
29 Fevral , 2016 10:16
​Bakıda müstəntiqə qarşı dələduzluq edən həkimin cəzası yüngülləşdirilib

Bakı. 29 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən 1953-cü il təvəllüdlü Laləzar Quliyeva barəsində verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. L.Quliyevanın cəzası 1 ilə endirilib.

Qeyd edək ki, L.Quliyeva 2008-2009-cu illərdə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində müstəntiq işləyən Hacı Əfəndiyevlə tanış olub. L.Quliyeva H.Əfəndiyevin Tibb Universitetini bitirən həyat yoldaşını 1 saylı doğum evinə ginekoloq vəzifəsinə düzəldəcəyini vəd edib. Müstəntiq bu işlə qaynı Nazim Quliyevin məşğul olacağını deyib. L.Quliyeva N.Quliyevin etibarından sui-istifadə edərək ondan 10 min manat pul alaraq qaytarmayıb. N.Quliyev isə aldanıldığını görüncə hüquq-mühafizə orqanlarına şikayət edib. L.Quliyeva 1985-ci ildən 2010-cu ilə kimi Neftçilər Xəstəxanasında tibb məntəqəsinin müdiri vəzifəsində işləyib.

2015-ci ilin sentyabr ayının 9-da L.Qulieva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci ilin dekabr ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində L.Quliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, bu, L.Quliyevanın ilk cinayəti deyil. O, 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin eyni maddəsi (178.3.2-ci) ilə ittiham olunub və barəsində şərti cəza təyin edilib.

Son xəbərlər

Orphus sistemi