Yuxarı

​Bakıda mənzilindən oğurluq edilmiş məşhur həkim ifadə verib

Cərrahın mənzilindən oğurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Astara rayon sakini Elvin Əliyev və onun əmisi oğlu Güləli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər veri ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Kazımi Mircəlal Mirkazım oğlu ifadə verib.

O, evindən edilən oğurluğun şifarişlə olub-olmamasını öyrənmək istədiyini bildirib: “Mənzilimdən oğurluq edilib. Mənzilimdən pul və qızıllar aparılıb. Mənə dəyən ziyanın heç biri ödənilməyib. Daha çox mənə maraqlıdır ki, bu şəxsləri kimsə sifarişlə mənim evimə göndərmişdi?! Əgər təqsirləndirilən şəxslər doğrunu desələr, onlardan heç nə tələb etməyəcəm. Evdən oğurlanan qızılları həyat yoldaşım başqa bir xanımda görüb. Daha sonra məlum oldu ki, oğurluq edən şəxslər qızılları satıblar”.

E.Əliyev bildirib ki, oğurluq etdikləri evləri özləri seçir: “Heç kim bizi həmin mənzilə sifarişlə göndərməyib”.

G.Əliyev isə bu işdə özünü təqsirli hesab etməyib. İşin düzgün araşdırılmasını deyib.

Xatırladaq ki, bu ilin aprel ayında Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci Polis Bölməsi (PB), Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) və Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub. Cinayət əməlinin iştirakçısı olan Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.

Qeyd edək ki, evindən oğurluq edilən 1977-ci il təvəllüdlü Kazımi Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi