Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda məişət tullantıları arasından silah-sursat tapılıb.
Bu barədə “Report”a “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən bildirilib.
Təhlükəli tapıntılar ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda aşkar olunub.
Belə ki, iş prosesi zamanı işçilər məişət tullantılarını çeşidləyərkən zibil kütləsi arasında müxtəlif növ silah güllələri tapıb. Təhlükə törədə biləcək əşyalar ümumi tullantılardan ayrılıb. Müəssisəyə polis dəvət olunaraq silah-sursat təhvil verilib.
“Təmiz Şəhər” ASC əməkdaşlarının aşkarlayaraq polisə təhvil verdiyi silah-sursata 21 ədəd 5.45 çaplı patron, 10 ədəd 7.62 çaplı patron, 1 ədəd 12.7 çaplı patron və 1 ədəd 30 mm mərmi daxildir.