Bakıda məcburi köçkünü öldürən şəxsin məhkəməsində şahid ifadə verib

Bakıda məcburi köçkünü öldürən şəxsin məhkəməsində şahid ifadə verib Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
28 Yanvar , 2019 12:22
Bakıda məcburi köçkünü öldürən şəxsin məhkəməsində şahid ifadə verib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində mərhum Qafar Hüseynovun anası Təranə Fətəliyeva şahid qismində ifadə verib.

O bildirib ki, axşam saatlarında onlara zəng edib oğlunun qətlə yetirildiyini deyiblər.

Daha sonra digər şahid Arzu Xəlilova dindirilib. O qeyd edib ki, hadisənin baş verdiyi sexin yanında mağazada çalışır.

Şahid deyib ki, hadisə zamanı telefonla çəkiliş edib: "Mərhum çox ağıllı oğlan idi. Tez-tez mağazaya gələrdi. Qafar ölməmişdən iki saat əvvəl də mağazaya gəlmişdi. O, sevgilisi ilə görüşə gedəcəyini və ona hədiyyə aldığını söylədi. Hadisə zamanı Ərəstun çölə qaçdı, üst-başı qan idi. Mən də telefonumla çəkməyə başladım".

Metal qəbulu sexinin işçisi Tərlan Talıbov ifadəsində söyləyib ki, həmin gün sexə o nəzarət edib: "Sexin rəhbəri Sübhan oranı mənə tapşırmışdı. Hadisə zamanı onlar mübahisə edirdilər, ayırdım. Daha sonra Ərəstun Qafarın anasının südünə söydü. Bu zaman Qafar əlində dəmir parçası ilə onun üstünə getdi. Ərəstunun da əlində bıçaq var idi. Bir də gördüm Qafar yerə yıxıldı. Bıçaq onun ürəyinə batmışdı. Qandan qorxduğum üçün yaxın gedə bilmədim".

Metal qəbulu sexinin rəhbəri Sübhan Niftəliyev də dindirilib. O qeyd edib ki, hadisə günü işdə olmayıb: "Rayona gedirdim. Tərlan zəng edib Ərəstunun Qafarı öldürdüyünü bildirdi. Ora gəldim və Qafarın atasının nömrəsini tapdım. Hadisə barədə sexdə eşitdim ki, Ərəstun Qafara söyüş söyüb".

Məhkəmədə elan olunub ki, hadisəyə səbəb Ə.Ərəbov sexə dəmir gətirib və mərhum Q.Hüseynov isə metalı 15 qəpikdən götürdüklərini bildirib: "Ərəstun isə deyib ki, həmişə Sübhana dəmiri 20 qəpikdən verib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə Ərəstun Ərəbov onu qətlə yetirib".

Təqsirləndirilən Ə.Ərəbov Q.Hüseynovun onu əvvəl təhqir etdiyini və sonra dəmirlə vurduğunu deyib.

Mənhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbovla işlədiyi metla qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynovu küt alətlə vuraraq qətlə yetirib.

Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub.

Q.Hüseynovun yaxınları isə Ə.Ərəbovun içkili olduğunu, heç bir səbəb olmadan onu öldürdüyünü bildirirlər.

Yaxınları söyləyib ki, qətlə yetirilən Q.Hüseynov üç gün sonra hərbi xidmətə yollanacaqmış.

Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb. 

Son xəbərlər

Orphus sistemi