Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.
Bu barədə "Report"a FHN Mətbuat xidmətindən bildirilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bakıda sexdə yanğın baş verən ərazidə axtarış-xilasetmə tədbirləri davam edir.
"Report"un hadisə yerində olan əməkdaşının xəbərinə əsasən, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, saat 11:50-də yanğınla bağlı siqnal daxil olub, 6 dəqiqədən sonra ilk yanğın bölmələri hadisə yerinə çatıb: "Nəticədə ümumi sahəsi 13 min kvadratmetr olan istehsalat sexlərinin 2 750 kvadratmetr sahəsi dağıntılara məruz qalıb. Hazırda yanğın tam söndürülüb".
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın tam söndürülüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bakıda mebel sexindəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.
Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək.
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
FHN-dən "Report"a bildirilib ki, xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.
Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bakıda sexdəki partlayış-yanğında 24 nəfər xəsarət alıb.
Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.
Məlumata görə, xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib.
14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bakıda sexdəki partlayış-yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin itləri cəlb olunub.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda əraziyə gətirilən itlərin sayı 3-dür.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğını məhdudlaşdırıb.
"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.
Sexdə baş vermiş partlayış-yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Müxbirlər: Gülçin Cəmil, Samirə Abdullayeva, Nəcməddin Quluzadə
Fotoqraf: Firudin Səlimov