Bakıda mağazaların paltardəyişmə otaqlarında oğurluqlar edən şəxs saxlanılıb

Hadisə
  • 03 noyabr, 2018
  • 09:05
Bakıda mağazaların paltardəyişmə otaqlarında oğurluqlar edən şəxs saxlanılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərindəki paltar mağazalarından silsilə oğurluqlar edilib. 

Bu barədə  "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov rayon Polis idarəsinə müraciət edən 5 nəfər xanım zərərçəkən müxtəlif vaxtlarda həmin ticarət mərkəzlərindəki mağazaların paltardəyişmə otaqlarında olan çantalarından, ümumilikdə, 3000 manat pulun və digər qiymətli şəxsi əşyalarının oğurlanması barədə məlumat veriblər.

Nərimanov rayon Polis idarəsi və 17-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Ağcəbədi rayon sakini G.Q. saxlanılıb. Qeyd edək ki, onun etdiyi oğurluqlar mağazaların təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri etiraf edərək bildirib ki, müştəri kimi daxil olduğu mağazaların paltardəyişmə otaqlarını gəzərək oradan oğurluqlar edib.

Saxlanılan şəxsin yaşadığı evə baxiş keçirilən zamanı oradan çoxsaylı qadın çantaları və pul qabıları aşkar olunaraq götürülüb. Qeyd edilən faktlarla bağlı Nərimanov rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Fotodakı şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov rayon Polis idarəsinə müraciət edə bilərlər.