Bakıda liftin düşməsi nəticəsində xadimənin ölməsi işi üzrə məhkəmədə şirkət direktoru dindirilib

Bakıda liftin düşməsi nəticəsində xadimənin ölməsi işi üzrə məhkəmədə şirkət direktoru dindirilib Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda liftin düşməsi nəticəsində xadimənin ölməsinə görə həbs edilən “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
12 Fevral , 2019 14:11
Bakıda liftin düşməsi nəticəsində xadimənin ölməsi işi üzrə məhkəmədə şirkət direktoru dindirilib

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda liftin düşməsi nəticəsində xadimənin ölməsinə görə həbs edilən “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Soltanməcid ƏzizovÇingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Azline" MMC-nin direktoru İlkin Xəlilov dindirilib.

O deyib ki, hadisənin baş verdiyi MTK-ya lift 15 il əvvəl şirkəti tərəfindən quraşdırılıb: "Həmin zaman dövlət orqanları tərəfindən yoxlanılıb və qeydiyyata alınıb. Qeydiyyata alınandan sonra istismara verilib. Həmin zaman liftin quraşdırılmasında heç bir nöqsana yol verilməyib. Yol verilsəydi, qeydiyyata alınmazdı. Həmin liftlərə də pasport verilib".

Şahid söyləyib ki, dövlət orqanları tərəfindən ildə bir dəfə inspektor gəlib liftin vəziyyətini yoxlayır.

Təqsirləndirilən S.Əzizov isə bildirib ki, hadisədən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlama aparılıb: "Yoxlama zamanı liftin düzgün quraşdırılmaması qənaetinə gəlinib".

İ.Xəlilov isə liftin quraşdırılmasında heç bir qüsur olmadığını vurğulayıb.

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 4-ü saat 12:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri S.Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Rayon prokurorluğunun və rayon Polis idarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Ç.Şıxəliyev də saxlanılıb.

İstintaq orqanları tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi