Yuxarı

Bakıda keçmiş polisi güllələyən vəzifəli şəxsin oğlu Ali Məhkəməyə müraciət edib

Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb

Bakı. 25 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində keçmiş polis əməkdaşını öldürməkdə təqsirləndirilən Rövşən Həsənov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlə çıxış edib.

Vəkil prosesin məhkəmə istintaqı ilə aparılmasını tələb edib. Vəsatət təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçi ilkin qərardan kassasiya şikayəti verib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, ötən ilin avqustun 28-də Nizami rayonu, Məhsəti küçəsində yerləşən “Şuşa” restoranında baş verib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu tapançadan atəş açmaqla öldürüb. Daha sonra R.Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb.

Bu zaman o, idarə etdiyi maşını Rəşad Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R.Həsənov saxlanılıb. Onun üzərindən “Makarov” tipli tapança götürülüb.

Qətlə yetirilən N.İbrahimov keçmiş polis əməkdaşı olub. Araşdırma zamanı məlum olub ki, R.Həsənov N.İbrahimovu qız üstündə güllələyib.

Bu il iyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi apellyasiya şikayəti verib.

Xatırladaq ki, R.Həsənov Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovun oğludur. Hadisədən sonra Q.Həsənovun vəzifəsindən çıxarılması haqda məlumat yayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi