Yuxarı

Bakıda keçmiş arvadını xüsusi amansızlıqla öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda keçmiş arvadını xüsusi amansızlıqla öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən İsrail Cəlilov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.

İttiham aktına əsasən, qətl hadisəsi bu il martın 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsi, Pünhan Təbrizli küçəsi, ev 10 ünvanında baş verib. Həmin ünvanda yaşayan İsrail İsmayıl oğlu Cəlilov aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı Aysel Ulduz qızı Cəlilovanın boğazını bıçaqla kəsib. A.Cəlilova qan itirməsindən ölüb.

Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən A.Cəlilova iki ay əvvəl həyat yoldaşı, Qobustan rayon sakini İ.Cəlilovdan boşanıb və həmin vaxtdan Biləcəri qəsəbəsində atasının evində yaşayıb. Son bir ayda İ.Cəlilov ailəsini bərpa etmək niyyətinə düşüb. O daha sonra qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi ilə oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İ.Cəlilovu evə buraxıblar.

Axşam saat 23:00 radələrində keçmiş ərinin yanında olarkən A.Cəlilovanın mobil telefonuna zəng gəlib. İ.Cəlilov zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə qadın ona dəqiq söz deməyib. Bundan əsəbiləşən keçmiş ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb. Qapını arxadan bağlayıb və mətbəxdən götürdüyü bıçaqla qadının boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı mərhumun atası və qardaşı evdə olub.

Həyat yoldaşını qətlə yetirən İ.Cəlilov hamamda yuyunaraq evdən çıxıb və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedərək təslim olub.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

İ.Cəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi