Yuxarı

Hüquq-mühafizə orqanları polislərin yaralanması ilə nəticələnən hadisə ilə bağlı rəsmi məlumat yayıb

Hadisə zamanı istifadə olunan bıçaq maddi sübut kimi götürülüb

Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu Sabunçu rayonu ərazisində yerləşən "Emin" kafesində baş verən münaqişədə polis əməkdaşlarının xəsarət alması haqda məlumat yayıb. 

"Report" xəbər verir ki, birgə məlumata əsasən, fevralın 2-də saat 01 radələrində Daxili İşlər Nazirliyinin "102" Xidmətinə paytaxtın Sabunçu rayonu ərazisində yerləşən "Emin" kafesində münaqişə olması barədə daxil olan məlumata əsasən dərhal hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməliyyat qrupu və həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları gələrək kafedə bir qrup vətəndaşın sərxoş vəziyyətdə xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışıblar. İctimai qaydanı kobud surətdə pozaraq xuliqanlıq edən şəxslərdən bir neçəsi bıçaqla polis əməkdaşlarına hücüm edərək polis kapitanı Ağaəli Ələkbərliyə, polis serjantları Elnur Şərifova və Bəxtiyar Abbasova bədən xəsarətləri yetiriblər. 

Məlumata görə, polis əməkdaşları tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakinləri - 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlham Məmmədov və Ağcabədi rayon sakini,1986-cı il təvəllüdlü Fariz Məlikov zərərsizləşdirilərək dərhal polis bölməsinə aparılıb, hadisə zamanı istifadə olunan bıçaq isə maddi sübut kimi götürülüb. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə bir qrup şəxs tərəfindən xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.

D.Muradov, İ.Məmmədov və F.Məlikov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi