Bakıda kafedə törədilən cinayətin şahidləri məhkəmədə ifadə verib: "Telman kafedə dava salırdı"

Bakıda kafedə törədilən cinayətin şahidləri məhkəmədə ifadə verib: "Telman kafedə dava salırdı" Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib
Hadisə
15 Avqust , 2017 16:15
Bakıda kafedə törədilən cinayətin şahidləri məhkəmədə ifadə verib: Telman kafedə dava salırdı

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Cavidan Yusifova ifadə verib.

O, hadisə günü qətlin baş verdiyi kafedə qonaq olduğunu deyib. Şahid qətlə yetirilən Telman Məmmədovun içkili olduğunu deyib: "Həmçinin Telman və Rahil söyüş də söyürdü. Özlərini apara bilmirdilər. Onlar həmişə kafeyə bir gəlirdilər. Onlar bizə mane olurdular. Bu zaman Fərhad Telmana yaxınlaşdı. Onların arasında əvvəl mübahisə düşdü. Sonra Telmanla Fərhad kafedən çölə çıxdı. Çöldə olan hadisəni isə görmədim. Telman kafenin içərisinə daxil olanda onun halı pis idi. Sonra Telman oradan çıxıb getdi. Hadisənin səhərisi kafeyə qayıdanda Telmanın öldüyünü eşitdim".

Daha sonra şahid qismində Diana Zeynalova dindirilib. O, hadisənin baş verdiyi kafedə barmen işlədiyini söyləyib: "Telmanla Rahil kafeyə gələndə özlərini apara bilmirdilər. Onlar içəridə səs-küy salırdılar. Hətta Telman qışqıra-qışqa "çəkmişəm" deyirdi. Özünün deməyindən və hərəkətlərindən belə başa düşülürdü ki, onların hər ikisi içkili və çəkmiş idi. Bu zaman Fərhad onlara yaxınlaşıb, sakitləşdirmək istədi. Sonra onlar kafedən çölə çıxdılar. Bir qədər sonra Telman içəri daxil oldu. O, içəri keçəndə şəxsən görmüşəm. Səhərisi günü Telmanın öldüyü eşitmişəm".

D.Zeynalova istintaqa verdiyi ifadəsini təsfiq etdiyini bildirib.

Şahid Kamil Rəşidov isə ifadəsi zamanı hadisənin baş verdiyi kafedə ofsiant işlədiyini vurğulayıb. O, hadisə günü kafedə olduğunu deyib: "Telman və Rahil ora gələndə içkili vəziyyətdə idi. Telman əvvəl çölə çıxdı. Mən dəhlizin qabağına çıxanda o, yerə uzanmışdı. Telmanın ayağı sürüşmüşdü. Onu Fərhad yerdən qaldırdı, halı pis idi. Onu divana uzatdıq ki, özünə gəlsin. Fərhad da tez-tez ona yaxınlaşıb, halının necə olduğunu soruşurdu".

Şahid Ceyhun Abdullayev ifadəsi zamanı təqsirləndirilən şəxsin dostu olduğunu qeyd edib. O, hadisə günü kafedə olduğunu bildirib: "Kafeyə dostlarımı görməyə gəlmişdim. Bu zaman kafeyə iki nəfər daxil oldu. Onlar stolu qaldırıb, səs-küy salırdılar. Həmin zaman Fərhad onlara yaxınlaşıb, sakitləşdirmək istədi. Sonra onları çölə çıxardı. Hər iki şəxs də zaldan çölə çıxıb, tualet tərəfə getdi. Orada həmin şəxslərdən biri Fərhada əl-qol atdı. Telmanla Fərhad əlbəyaxa olanda Telman yerə yıxıldı. Fərhad onu qaldırdı, üzünə su vurub ayıltdılar. Fərhadın onu vurduğunu görməmişəm. Telmanın da üzərində heç bir zorakılıq əlaməti yox idi".

Daha sonra hakimin suallarını cavablandırıran şahid C.Abdullyev təqsirləndirilən F.Musayevin hadisə zamanı mərhum Telman Məmmədovun sifətinə vurduğunu söyləyib.

Şahid qismində ifadə verən Rahil Məlikov bildirib ki, hadisə günü kafeyə mərhum Telman Məmmədovla bir yerdə gəlib: "Telmanla qardaş kimi olmuşam. Kafeyə getdik, orada pivə içdim. Telman stolu yuxarı qaldırdı. Bu zaman Fərhad bizə yaxınlaşdı. Sakit olmağımızı deyib, çölə çıxardı. Fərhad bizi tualet tərəfə apardı, orada söhbət etdik. Telman orada özünü apara bilirdi. Tualetin yanında üçümüz - Telman, Fərhad və mən söhbət edirdik. Söhbət zamanı Fərhad söyüş söyürdü. Qəflətən Fərhad Telmanın üzündən yumruqla vurdu. Telman yerə yıxıldı, başı yerə dəydi. Telmanın burnundan qan gəldi. Qanı təmizlədik. O, özünə gələndə çölə çıxarıldı. Ona nə qədər dedik ki, həkimə gedək. Hətta Fərhad da ona həkimə getməyi təkilif etdi, amma Telman razı olmadı. Getdik çayxanada çay içdik. Fərhad da ora gəldi. Evə getdik. Telman dedi ki, "üşüyürəm". Ona paltarımı verdim. Yenə həkimə getməyi təklif etsəm də, razı olmadı".

Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il mart ayının 26-da gecə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə T.Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, "Do Re Mi" kafesinin inzibatçısı - Bakı şəhər sakini F.Musayevlə mübahisə edib.

İnzibatçı F.Musayev aralarında baş verən münaqişə zəminində T.Məmmədovu yumruqla vurub və o, başından ağır xəsarət alıb. Vəziyyətinin ağır olduğunu görən F.Musayev onun dostu ilə birgə T.Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı F.Musayevi saxlayıblar.

O, Cinayət Məcəlləsinin 126.3-cı (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi