Yuxarı

Bakıda iş yoldaşını qətlə yetirən avtobus sürücüsü apellyasiya şikayəti verib

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses oktyabrın 18-nə təyin edilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Məmməd Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi oktyabrın 18-nə təyin edilib.

İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, qətl hadisəsi bu il mart ayının 23-də Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib. 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı M.Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb.

Ürək nahiyəsindən bıçaq zərbəsi alan Z.Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Hadisədən sonra M.Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi