Bakı. 12 mart. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı başa çatıb.
“Report”un məlumatına görə, 1968-ci il təvəllüdlü Rasim Quliyevin törətdiyi cinayət hadisəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda aparılmış istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, hadisə 2015-ci ilin sentyabrın 8-də saat 01:30 radələrində Maştağa qəsəbəsinin Savalan yaşayış massivində qeydə alınıb. 1968-ci il təvəllüdlü Rasim Quliyev 1966-cı il təvəllüdlü Mehman Əliyevə ağır bıçaq xəsarəti yetirməklə onu öldürüb. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Quliyev tutulub.
Araşdırmalar zamanı məlum olub ki, R.Quliyevlə M.Əliyev iş yoldaşı olublar. Hadisə günü R.Quliyev iş yoldaşı ilə birlikdə evə sərxoş halda gəlib. Yeyib-içmək məclisi evdə də davam edib. M.Əliyev ona yaxşı işləmədiyini irad bildirərək T.Quliyevi danlayıb, təhqir edib. Həmçinin, o, R.Quliyevin baş nahiyəsindən iki dəfə sillə də vurub. Bir müddət sonra R.Quliyev mətbəx bıçağı ilə alma soya-soya küçəyə çıxıb. Bu zaman M.Əliyev onu yenidən təhqir etməyə başlayıb və R.Quliyevə sillə vurmaq istəyib. Lakin R.Quliyev əsəbləşərək əlindəki bıçaqla onun qarın nahiyəsindən zərbə endirib. M.Əliyev dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb.