Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşad Həsənov və Rüstəm Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib. Onlar məhkəmə iclaslarının qapalı keçirilməsini istəyib. Vəsatət təmin edilib.
Məhkəmənin növbəti prosesi sentyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R.Rzayev ondan ayrılmaq qərarına gəlib. Ərinin ondan boşanmasında israrlı olduğunu görən mərhum həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib. R.Rzayev bundan sonra qətli planlaşdırıb. Çünki R.Rzayev arvadına boşandıqdan sonra mülkündən pay vermək istəməyib. Bu məqsədlə də ər 48 yaşlı yaşlı arvadının qətlə yetirilməsi üçün Elşad Həsənova 2 min manat verib. Qadın yaşadığı mənzildə qətlə yetirilib.