Yuxarı

​Bakıda həyat yoldaşını öldürən şəxsin apellyasiya şikayətinə baxılıb

Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb

Bakı. 1 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Hamlet Valeh oğlu Fərziyevin apellyasiya şikayəti vermə müddətinin ötürülməsi barədə verdiyi müraciətə baxılıb.

“Report”un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, H.Fərziyevin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, cinayət hadisəsi 2010-cu il yanvarın 4-də Bakıda yerləşən “Vulkan” motelində baş verib. H.Fərziyev həyat yoldaşı Xatirə Fərziyevaya bıçaqla çoxsaylı xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində H.Fərziyev tutulub.

O, Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmyə cəhd), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunub.

2010-cu il oktyabr ayının 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə H.Fərziyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt məhkum barəsində olan hökmdən apellyasiya şikayəti vermədiyi üçün o, bu dəfə məhkəməyə müraciət edib. Bakı Ağır Cinayətlər Məhkəməsi H.Fərziyevin ərizəsini təmin etməyib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi