Bakıda həbsdə olan şəxsin arvadına qarşı dələduzluq edən şəxs məhkəmədə ifadə verib

Bakıda həbsdə olan şəxsin arvadına qarşı dələduzluq edən şəxs məhkəmədə ifadə verib Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elşad Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
9 İyul , 2018 14:58
Bakıda həbsdə olan şəxsin arvadına qarşı dələduzluq edən şəxs məhkəmədə ifadə verib

Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elşad Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə E.Atakişiyev özünü təqsirli bildiyini deyib.

O, sərbəst ifadə verən zaman zərərçəkmiş Səadət Məmişovadan 6 min manat borc pul aldığını söyləyib: "Onu Rövşənin vastəsi ilə tanımışam. Səadətlə aramızda qardaş-bacı münasibəti olub. Tikintidə işləyirdim, ondan 6 min manat borc pul aldım. Sonra Səadətin həbsdə olan həyat yoldaşını həbsdən azad etdirməyə kömək edəcəkdim, lakin alınmadı. Ona isə 7 min 200 manat pul qaytarmışam".

Məhkəmədə məlum olub ki, zərərçəkmiş S.Məmişovanın həbsdə olan həyat yoldaşı Namiq Məmişov da daha əvvəl dələduzluqda təqsirli bilinərək həbs olunub.

E.Atakişiyev qeyd edib ki, digər zərərçəkmiş Elşad Zeynalovdan da 1500 manat borc pul alıb.

Zərərçəkmiş S.Məmişova məhkəmədə dindirilən zaman deyib ki, E.Atakişiyevlə onu Rövşən adlı şəxs tanış edib: "Rövşən Elşadı hüquq-mühafizə orqanlarında rəhbər şəxslərin qohumu kimi təqdim etdi. Elşad bunu da təsdiqlədi, tikintidən işlədiyini isə söyləmədi. Həbsdə olan həyat yoldaşım Namiqi azadlığa çıxaracaqdı. Pulu isə Rövşənə verdim. Lakin sonralar verdikləri vədə əməl etmədi".

S.Məmişova bildirib ki, 20 min manat məbləğində ziyana düşüb, həmin puldan isə 6 min geri qaytarılıb.

Daha sonra E.Atakişiyev isə söyləyib ki, S.Məmişovadan 6 min manat pulu sələm kimi götürüb.

Digər zərərçəkmiş Elşad Zeynalov ifadəsində söyləyib ki, E.Atakişiyev oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə ondan 1500 manat pul alıb. O deyib ki, pulu E.Atakişiyevə verəndən bir müddət sonra yoxa çıxıb.

E.Atakişiyev isə E.Zeynalovun yalan danışdığını, ondan borca pul aldığını bildirib.

Məhkəmənin növbəti iclası iyulun 16-na təyin edilib.

İttiham aktına əsasən, E.Atakişiyev Bakıda həbsdə olan şəxsin həyat yoldaşı Səadət Məmişovaya qarşı dələduzluq edib. O, 2013-cü ildə özünü hüquq-mühafizə orqanlarında rəhbər şəxslərin qohumu kimi təqdim edib, həbsdə olan şəxsin azad olunmasına köməklik göstərəcəyinə dair vəd verib.

E.Atakişiyev digər zərərçəkmiş Elşad Zeynalovun isə oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini bildirib.

E.Atakişiyev S.Məmişovanın 20 min və E.Zeynalovun isə 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

2014-cü ildə onun barəsində cinayət işi başlanılıb, lakin həbs qətimkan tədbiri seçilməyib. Daha sonra E.Atakişiyev məhkəmə iclaslarına gəlməyib və onun barəsində axtarış elan olunub. Bu il isə o, Gəncədə həbs edilib və cinayət işi yenidən məhkəməyə göndərilib.

E.Atakişiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi