Yuxarı

Bakıda həbs edilən Gürcüstan vətəndaşları məhkəmədə ifadə veriblər

Məhkəmənin növbəti prosesi sentyabrın 22-nə təyin ediləcək

Bakı.15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət sərhədini qanunsuz keçmə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Gürcüstan vətəndaşları Arçil Darsalia, Lekso Mosidze, Müşfiq Piriyev, Zakir Bayramov və Azərbaycan vətəndaşı Hüseyn Ramazanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslərdən A.Darsalia və Lekso Mosidze özlərini yalnız dövlət sərhədini qanunsuz keçmədə təqsirli bildiklərini bildiriblər. Həmin şəxslər narkotik vasitədən istifadə etmədiklərini deyiblər.

Digər təqsirləndirilən M.Piriyev də ifadəsində narkotik vasitədən istifadə etmədiyini, lakin dövlət sərhədini Qazax rayonu ərazisindən qanunsuz olaraq keçdiyini bildirib. Z.Bayramov isə Gürcüstandan Bakıya qardaşı oğlunun dalınca gəldiyini vurğulayıb.

Məhkəmənin növbəti prosesi sentyabrın 22-nə təyin ediləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin bu il fevral ayında yaydığı məlumata görə, Bakı şəhərində 10-a yaxın mağaza və mənzildən oğurluq edən Azərbaycan və Gürcüstan Respublikası vətəndaşlarından ibarət 5 nəfərlik mütəşəkkil dəstə zərərsizləşdirilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əvvəllər məhkum olunmuş şəxslər – Gürcüstan vətəndaşları A.Darsalia, L.Mosidze, M.Piriyev, Z.Bayramov və Azərbaycan vətəndaşı H.Ramazanov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşları təxminən iki ay əvvəl H.Ramazanovun dəvəti ilə Azərbaycan sərhədini qanunsuz yolla keçərək Bakı şəhərinə gəliblər. Onlar burada cinayətkar dəstə yaradaraq müxtəlif vaxtlarda paytaxtın bir-neçə rayonunda oğurluq cinayətləri törədiblər. Dəstə üzvlərindən ikisi - A.Darsalia, L.Mosidze Gürcüstan Respublikasında ağır cinayətlər törətdiklərinə görə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarışda olublar. Saxlanılan şəxslər barəsində Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb. Daha sonra onlara irəli sürülən ittiham dəyişdirilib.

Həmin şəxslər Cinayətr Məcəlləsinin 234.4.1-ci (narkotik, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3-cü (narkotik, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi