Yuxarı

Bakıda hakimin oğlunu avtomobillə vuran şəxsin məhkəməsində DYP əməkdaşı ifadə verib

Məhkəmənin növbəti iclası dekabrın 27-nə təyin edilib

Bakı. 13. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vurmaqda təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dövlət Yol Polisinin əməkdaşı Elçin Həsənəliyev ifadə verib.

O, hadisə baş verəndən sonra xidməti maşınla həmin ərazidən keçdiklərini deyib. Şahid qəzanın nə zaman baş verdiyini xatırlamadığını bildirib: "Həmin zaman ilk məqsədimiz xəsarət alan vətəndaşa kömək etmək idi. Orada bir nəfər yerə uzadılmışdı, ərazidə çoxlu insanlar toplaşmışdı".

E.Həsənəliyev sürücünün, qəza baş verən avtomobildə olanların kimliyi barədə maraqlanmadıqlarını söyləyib: "Aidiyyəti üzrə təhvil verib, ərazini tərk etdik. Hadisə yerində toplaşanlar arasında ağır xəsarət alan vətəndaşın anası da var idi".

Digər şahid qismində R.Kərimovun yaxın dostu Musa Mahmudov dindirilib.

Məhkəmə zamanı məlum olub ki, M.Mahmudov istintaqa ziddiyyətli ifadələr verib. Bu səbəbdən də onun ifadələri elan olunub. M.Mahmudov istintaqa verdiyi ifadəsində qəza zamanı avtomobili özünün idarə etdiyini bildirib: "Dostumun tutulmasını istəmirdim. Vəkilim dedi ki, bu, düzgün deyil. Mən də sonradan hadisə necə baş vermişdi elə də ifadə verdim".

Məhkəmənin növbəti iclası dekabrın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Bundan başqa, E.Allahverdiyev hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakimdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi