Bakıda hakimin oğlunu avtomobillə vuran şəxs məhkəmədə ifadə verməkdən imtina edib

Bakıda hakimin oğlunu avtomobillə vuran şəxs məhkəmədə ifadə verməkdən imtina edib Zərərçəkmiş tərəfin nümayəndəsi mülki iddia qaldıraraq 149 min manat ödənilməsini tələb edib
Hadisə
22 Noyabr , 2016 12:40
Bakıda hakimin oğlunu avtomobillə vuran şəxs məhkəmədə ifadə verməkdən imtina edib

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vurmaqda təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin nümayəndəsi mülki iddia qaldıraraq 149 min manat ödənilməsini tələb edib.

Vəsatət təmin edilib, həmin mülki iddia cinayət işinə əlavə olunub.

O, bu məğləğin yarısının xəstə uşaqların müalicəsi üçün uşaq evinə, digər yarısı isə bu cür yol hərəkəti qaydalarının pozulması ilə bağlı hazırlanacaq tədris vəsaitləri üçün Azərbaycan Diplomatiya Akademiyasına yönəldiləcəyini bildirib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

R.Kərimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, sərbəst ifadə verməkdən imtina edib: "İki aydı həkim nəzarətindəyəm. Narkotikdən istifadə etməmişəm. İfadə verməkdən imtina edirəm. Buna səbəb isə mənə düzgün ittiham irəli sürülməyib".

Prosesdə hər iki tərəfin vəkilləri arasında mübahisə düşüb.

Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, ifadəsində bildirib ki, hadisədən sonra qolu sınıb: "102 qaynar xəttə bu barədə məlumat verdim. Spirtli içkidən istifadə etməmişəm. Hadisə yerindən qaçmamışam, həmin ərazidə kamera çəkilişləri də var".

Zərərçəkmiş "Real" MMC-nin sabiq direktoru Nizami Abbasov dindirilən zaman hadisə zamanı qəza törədən avtomobilin onun olduğunu deyib: "Hazırda MMC müvəqqəti olaraq bağlanıb, avtomobil isə şirkətin olub. Rəhim də orada sürücü işləyirdi. Maşına dəymiş ziyan ödənilib. Rəhimlə isə əmək müqaviləsi bağlanılmışdı. Mənə onun narkotikdən istifadə edib-etməməsi ilə bağlı heç nə məlum deyil".

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi