Yuxarı

​Bakıda dostunu döyərək öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib

O, kassasiya şikayəti verib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dostunu döyərək öldürməkdə təqsirləndirilən Əliyev Bəxtiyar Ələsgər oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

“Report”un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən proses qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb kimi ilkin qərardan kassasiya şikayəti verilməsi göstərilib.

Şikayətə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci ildə metronun "20 Yanvar" stansiyasının çıxışında yerləşən ticarət obyektlərindən birinin qarşısında baş verib. Mağaza sahibi Bəxtiyar Əliyevin qonşu mağazada işləyən dostu Kənan Xəlilovla aralarında mübahisə düşüb. Daha sonra hər iki şəxs bir-birlərini təpik və yumruq zərbələri vurublar. B.Əliyevin zərbələri qarşısında aciz qalan K.Xəlilovun ürəyi gedərək ölüb.

B.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

2015-ci ilin oktyabr ayının 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə B.Əliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi