Bakıda dələduzluqda təqsirləndirilən hüquqşünas qadının məhkəməsi başlayıb

Bakıda dələduzluqda təqsirləndirilən hüquqşünas qadının məhkəməsi başlayıb Məhkəmə vəsatəti təmin edib
Hadisə
25 Avqust , 2017 16:13
Bakıda dələduzluqda təqsirləndirilən hüquqşünas qadının məhkəməsi başlayıb

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən hüquqşünas, 1979-cu il təvəllüdlü Nüşabə Bağırovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmadığını deyib.

İstintaq dövründə müdafiə hüquqlarının pozulduğunu bildirən N.Bağırova qeyd edib ki, özünün hüquq şirkəti olub: "Şirkətim Vergilər Nazirliyindən qeydiyyatdan da keçib. Fəaliyyətimlə bağlı rəsmi sənədləri də məhkəməyə təqdim edə bilərəm. İstintaq dövründə müdafiə hüquqlarım pozulub. Həbsdə olduğum zaman müdafiəçi ilə təmin edilmədim. Müstəntiq sonuncu dəfə saxlanıldığım istintaq təcridxanasında mənimlə görüşə gələndə özü ilə vəkil gətirmişdi. Mən də həmin vəkildən imtina etdim. Bildirdim ki, işə öz vəkilim qoşulsun. Xəbərim olmadan cinayət işi yekunlaşdırıldı".

N.Bağırovanın anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, o daha əvvəl də dələduzluq əməlində təqsirli bilinib və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü var. 

O bildirib ki, əvvəlki cinayət işinə də eyni müstəntiq baxıb.

Məhkəmə N.Bağırovanın cinayət işinin materialları ilə tanış olmasına dair vəsatətini təmin edib.

Proses sentyabrın 5-dək təxirə salıb.

Qeyd edək ki, hüquqşünas kimi fəaliyyət göstərən N.Bağırova bir neçə şəxsdən hüquqi yardım göstərmək adı ilə pul alaraq qaytarmayıb. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan N.Bağırovanın barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi