Bakıda dələduzluq edən xarici vətəndaşa hökm oxunub

Bakıda dələduzluq edən xarici vətəndaşa hökm oxunub O, bir il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
6 Oktyabr , 2017 16:35
Bakıda dələduzluq edən xarici vətəndaşa hökm oxunub
Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vanbo Aurelienin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Aurelie bir il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında V.Aurelienin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, bu il fevralın 9-da Daxili İşlər Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş V.Aurelienin Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20 min ABŞ dolları pulu xüsusi kimyəvi vasitələrlə 40 min ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.

V.Aurelienin Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Məhkəmə iclasında V.Aurelie ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmədiyini söyləyib. O deyib ki, zərərçəkmiş M.Məmmədovu əvvəlcədən tanıyıb və onun mənzilində kirayədə yaşayıb: "O pulu mən yox, mənim yerlim Luma Kables alıb. Məmməd pulu Lumaya verib və o da bu ilin yanvar ayında Bakıdan getdi. Ondan sonra əlaqə saxlamaq mümkün olmadı. Mən onunla Bakıda həmyerlim kimi tanış olmuşdum".

V.Aurelienin sözlərinə görə, ona 20 min dollar verilməyib: "İttihamda yazılanları mən etməmişəm. Anam bu xəbəri eşidəndən sonra dünyasını dəyişdi. 4 yaşında övladım var".

Son xəbərlər

Orphus sistemi