Bakı. 2 dekabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda xuliqanlıq hadisəsi olub. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sahil qəsəbəsində xuliqanlıq zəminində, qəsəbə sakini Dilqəm Əhmədovu döyərək, bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Sahil qəsəbə sakini, 1998-ci il təvəllüdlü Bəhruz Qorçiyev tutulub.
Qeyd edək ki, bu B.Qorçiyevin ilk cinayət əməli deyil. O, 2010-cu ildə Qaradağ rayon sakini Avtandil Hüseynova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırdığına görə bir dəfə məsuliyyətə cəlb olunub. Həmin vaxt B.Qorçiyevin Kamran Piriyev və Vüsal Məmmədov ilə birgə, Əbülfət Novruzova məxsus "VAZ-2106" markalı və Kərim Kərimova məxsus eyni markalı avtomaşınları qaçırmaları da müəyyən edilmişdi. 2010-cu ildə B.Qorçiyev yetkinlik yaşına çatmadığından onun barəsində həbs qərarı çıxarılmamışdı.
Faktla bağlı araşdırma aparılır.