Bakıda çay evində həmyerlisini öldürən şəxsin apellyasiya şikayətinə baxılıb

Bakıda çay evində həmyerlisini öldürən şəxsin apellyasiya şikayətinə baxılıb Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
13 Yanvar , 2017 09:47
Bakıda çay evində həmyerlisini öldürən şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində çay evində qətl törətməkdə təqsirləndirilən Vüqar Şirinovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, V.Şirinovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi bu il martın 6-da axşam saatlarında Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” adlı çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.

Belə ki, çay evinin sahibi M.Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini V.Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib. Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib.

Hadisə günü M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb. V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “Odlar Yurdu” çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülüb.

V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçıb. Onlarla sağollaşan V. Şirinov könüllü olaraq Ağsu rayon Polis İdarəsinə təslim olub. O, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarına təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Şirinov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi