Bakıda banka basqın edən şəxs zərərsizləşdirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.
Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.