Bakıda vurduğu piyadanı avtomobilinə mindirdikdən sonra yol kənarına atıb qaçan sürücü saxlanılıb - VİDEO - YENİLƏNİB-2

Bakıda vurduğu piyadanı avtomobilinə mindirdikdən sonra yol kənarına atıb qaçan sürücü saxlanılıb - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
14 Yanvar , 2019 17:27
Bakıda vurduğu piyadanı avtomobilinə mindirdikdən sonra yol kənarına atıb qaçan sürücü saxlanılıb - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** 16:41

Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini, 18 yaşlı İntiqam Məmmədov vurulub. Sabunçu rayon Polis idarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Eldar Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib. Amma sürücü hadisə yerindən bir neçə yüz metr kənarlaşandan sonra piyadanı maşından düşürüb. Daha sonra isə E.Əliyev huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.

Zərərçəkənin yaxınları Sabunçu rayon Polis idarəsinə məlumat verəndən sonra piyadanın axtarışlarına başlanılıb. İ.Məmmədov qəzanın səhəri günü polislər tərəfindən yaralı halda atıldığı yerdən tapılaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır.

İstintaq zamanı o da müəyyən olunub ki, E.Əliyev bir neçə il əvvəl piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyi üçün məhkəmənin qərarı ilə məhkum olunub.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


*** 12:47

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini İntiqam Məmmədov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Sabunçu rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sabunçu qəsəbə sakini Eldar Əliyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi