Bakıda atasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda atasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib
Hadisə
23 İyun , 2017 10:47
Bakıda atasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Laçın Novruzovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 4-də gecə saat 23:00 radələrində Bakının Binəqədi rayonunun Müşviqabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb isə atanın içkili olması olub. Mübahisə nəticəsində L.Novruzov M.Məmmədovu çoxsaylı bıçaq zərbələri ilə - 20 bıçaq zərbəsi endirməklə qətlə yetirib.

Məlumata görə, ata M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Yanvarın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.

Hadisəni törədən L.Novruzov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi