Bakıda 6 milyonluq dələduzluqla üzləşən Almaniya vətəndaşı ifadə verib: "Pulu onun ofşor hesabına köçürdük"

Bakıda 6 milyonluq dələduzluqla üzləşən Almaniya vətəndaşı ifadə verib: "Pulu onun ofşor hesabına köçürdük" Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
5 İyun , 2018 12:50
Bakıda 6 milyonluq dələduzluqla üzləşən Almaniya vətəndaşı ifadə verib: Pulu onun ofşor hesabına köçürdük

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Almaniya vətəndaşı Heins-Georg Tomas da iştirak edib.

Məhkəmədə məlum olub ki, zərərçəkmiş mülki iddia qaldırıb.

Təqsirləndirilən Ə.Yusifov ifadə verib. O bildirib ki, 2010-cu ildə Heins-Georg Tomas şirkətin 2 əməkdaşı ilə yanıma gəlib: "Bir neçə ölkədə şirkətlərim var idi. İllik dövriyyəm 50 milyon dollar, gəlirim isə 10 milyon dollar idi. Mən də onların anketini çıxartdırdım. Onların Almaniyada heç bir uğur əldə etmədiyini öyrəndim. “Airwerk” şirkətinin hesabında heç 1 dollar da pul yox idi. Daha sonra külək enerjisi ilə bağlı Azərbaycan tərəfi həmin şirkətə 104 milyon avro pul ayırdı. Heins-Georg Tomas və onun işçiləri bir il mənim ofisimdə oturublar. Həmin dövrdə "Airwerk” şirkətinin rəhbəri başqa şəxs - Holqar Hart idi, lakin məhkəmədə mülki iddianı Heins-Georg Tomas qaldırıb. Həmin şəxslər Azərbaycanda qanunsuz fəaliyyət göstəriblər".

Onun sözlərinə görə, “Airwerk” şirkəti işləri görmək üçün onun hesabına 2 milyon dollar pul köçürüb: "Həmin puldan 1 milyon dolları şirkətin rəhbəri Holqar Hartın, 200 min dolların Elşən Kərimovun, 1 miylon 400 min dolları isə Qazaxıstandakı şirkətin hesabına köçürdüm. Bu günə qədər də Qazaxıstandakı şirkətdən pulu çıxara bilmirik. Adıma xarici ölkələrdə ofşor hesablar olub. “Airwerk” şirkəti ofşor hesabıma 4 milyon dollar pul köçürdü ki, Azərbaycanda olan işlərə xərclənilsin. Sonra mən qazancı nağd şəkildə hissə-hissə Elşən Kərimova verdim. Hətta vəzifəli şəxs olan Mehtinin yanında Elşənə 4 miyon dollar pul verdim. 2014-cu ildə Elşən mənə yazdı ki, "bizə 300 min dollar verəcəyin qalıb". Mən də xaricdəydim, gəlib ofisimi girov qoydum. Bildirdim ki, satıb borcumu verərəm".

Daha sonra zərərçəkmiş qismində almaniyalı Heins-Georg Tomas dindirilib. O, təqsirləndirilən şəxsin ifadəsini fantaziya adlandırıb: "Biz Azərbaycanda 125 milyon dollarlıq layihə udmuşduq. Yerli şirkətlərə, təqribən, 45 milyon dəyərində işlər vermişdik. Düzdür, Ələddinin ofisindən istifadə etmişik, lakin tenderlə bağlı işləri özümüz hazırlamışıq. Ələddin o vaxt özünü bizə inşaat rəhbəri kimi təqdim edib tenderdə işi qazanmışdı. Sonra da biz onun inşaat sahəsində bacarıqlı insan olmadığını gördük. Hətta onun lazımi texnikası belə yox idi. Biz də tenderi ona vermədik. Ələddinin özü də bundan narazı olmadı. Biz onunla münasibətlərimizi davam etdirdik. Sonra Ələddin neft məmulatlarının alqı-satqısı ilə məşğul olduğunu dedi. O, söhbətlərində məni maraqlandırdı".

Almaniya vətəndaşı ifadəsində söyləyib ki, təqsirləndirilən Ə.Yusifovun "Texnikabank"dakı hesabına 2 milyon avro pul köçürülüb: "Ələddin sonradan müəyyən qədər məbləğin artırılmasını istədi. Lakin Bakıdakı hesabına köçürməməyimizi bildirdi. Biz də pulu Riqadakl ofşor hesaba köçürdük. Ona bir iş adamı kimi etibar edirdim. Ələddinə cəmi 6 milyon dollar pul köçürdük. Sonra Ələddini tapmaq çətin oldu, gah Afrikaya gedirdi, gah da başqa ölkələrdə olurdu. Sonradan məlum oldu ki, prokurorluqda onun işi ilə bağlı araşdırma aparılır. Biz öyrəndik ki, o, Afrikada neft deyil, qızıl yataqları alıb. Ələddinlə sonuncu dəfə 2015-ci ildə görüşdüm və ondan pullarımızı qaytarmasını tələb etdim. Bildirdi ki, guya pulları kiməsə qaytarıb, bizə borcu yoxdur. Sonra villasını bizə təklif edib girov kimi qoydu. Bizə məlum oldu ki, villanın sənədlərində də problem var. Ələddin bizə 1 milyonu nağd şəkildə ödədi, 2 milyonu villasına çıxdıq və onun bizə cəmi 3 milyon dollar borcu var".

Qeyd edək ki, ittiham aktına əsasən, Ə.Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub. Ə.Yusifov həmin şirkətin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib. O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə investisiya qoyduğu halda daha çox gəlir əldə edəcəyinə inandırıb. Ə.Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib. Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat köçürüb. Ə.Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir. 

Son xəbərlər

Orphus sistemi