Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Yuri Aleksandroviç Mitsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və zərərçəkən Faiq Tahirov ifadə veriblər.
Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci il sentyabr ayının 24-də Nizami rayonu, Qara Qarayev prospektində Bakı şəhər sakini Faiq Tahirova bıçaqla xəsarət yetirilib. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuri Mits tutulub.