Sentyabrın 7-də sosial şəbəkədə 13 yaşlı qızın ana olması barədə yayılan məlumatla əlaqədar Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal aidiyyəti qurumlara müraciət edib.
Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, həmçinin Dövlət Komitəsinin əməkdaşları psixoloqun iştirakı ilə tibb müəssisəsində olub, yetkinlik yaşına çatmayan qızın sağlamlıq vəziyyəti ilə maraqlanıb və onun psixoloji durumu qiymətləndirilib: "Qeyd edək ki, azyaşlı ananın və yenidoğulmuş körpənin sonrakı taleyi ilə bağlı məslələlər Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir".
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb.
"Hazırda fakt üzrə Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır", - Mətbuat Xidmətindən qeyd edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"un sorğusuna cavab olaraq bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılır.
Onun sözlərinə görə, hadisə ilə bağlı aidiyyatı qurumlarla birlikdə araşdırmalara başlanılıb.
T.Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapacağı təqdirdə məsələyə hüquqi qiymət veriləcək.
Bakıda 13 yaşlı qız ana olub.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
K.Ağazadə deyib ki, həmin qız ötən gün ev şəraitində körpəni dünyaya gətirib:
“Ana xəstəxanaya yerləşdirilib, körpə də sağdır”.
13 yaşlı qız bildirib ki, o, təcavüzə uğraması nəticəsində hamilə qalıb.
Hüquq-mühafizə orqanları “Report”un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı gün ərzində açıqlama veriləcək.