Yuxarı

​Bakıda 1 nəfəri öldürüb, 2 nəfəri yaralayan şəxsin cəzası yüngülləşdirilib

Ona 13 il azadlıqdan məhrumetmə cəzası təyin edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində bir nəfəri qətlə yetirməkdə, 2 nəfəri isə yaralamaqda təqsirləndirilən Goranboy rayon sakini Orxan Abdullayev barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. O.Abdullayevin cəzası 19 il azadlıqdan məhrumetmə cəzasından azaldılaraq 13 ilə endirilib.

Qeyd edək ki, hadisə 2014-cü il Xətai rayonunda olan çörəkbişirmə sexinin qarşısında baş verib. Həmin ərazidə Bakı sakini Elşad Kərimov qətlə yetirilib. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirləri zamanı cinayəti törətməkdə şübhəli bilinən Goranboy rayonunda anadan olmuş O.Abdullayevi tutublar. O, ilkin ifadəsində bildirib ki, cinayəti aralarında olan mübahisə zəminində törədib. Belə ki, O.Abdullayev başqa bir iş yoldaşı ilə mübahisə edərkən E.Kərimov məsələyə aydınlıq gətirmək istəyib. Bu zaman O.Abdullayev üstündə gəzdirdiyi bıçaqla E.Kərimova bir neçə dəfə bıçaq zərbələri vurub. O, həmçinin onları aralaşdırmaq istəyən iş yoldaşları Anar Süleymanov və Ömər Cəbrayılzadəyə də bıçaqla yüngül xəsarətlər yetirib.

O.Abdullayev 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunub.

2015-ci il avqust ayının 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə O.Abdullayev 19 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan O.Abdullayev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi