Bakıda 1 milyon manat pul oğurlayan şəxsi qaçıran dəstə üzvlərinə hökm oxunub

Bakıda 1 milyon manat pul oğurlayan şəxsi qaçıran dəstə üzvlərinə hökm oxunub Cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
2 Mart , 2017 17:43
Bakıda 1 milyon manat pul oğurlayan şəxsi qaçıran dəstə üzvlərinə hökm oxunub

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu və digər cinayətlərdə təqsirləndirilən Zamiq Xasıyev, Aqil Şəmiyev və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Xasıyevlə A.Şəmiyevin hər biri 12 il və R.Əliyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında R.Əliyevin 15 il, Z.Xasıyev və A.Şəmiyevin hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Abşeron rayon Polis Şöbəsi əməkdaşları Xırdalan şəhərində yerləşən “Karat MMC”-nin Dəyirman şöbəsinin ofisindən 1 milyon manat məbləğində pul oğurlanması ilə bağlı keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Abşeron rayonu Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev saxlanılıb. İstintaqla müəyyən olunub ki, əvvəllər “Karat MMC”-də çalışan R.İmaməliyev işdən çıxdıqdan sonra ofisdən oğurluq etmək fikrinə düşüb. O, şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn R.İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub. O, ofisdəki seyfin qapısını sındıraraq 1 milyon manat pulu idman çantasına dolduraraq gedib.

Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən R.İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər. Ramil İmaməliyev pulun bir hissəsini özü ilə götürərək “İnfiniti” markalı, 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb. Saxlanılarkən maşının yük yerindən 5000 manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.

R.İmaməliyev istintaqa ifadəsində bildirib ki, oğurladığı pulların demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən 4 nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyevi, Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyevi, Beyləqan rayon sakinləri, 30 yaşlı Röyal Qədirovu və 32 yaşlı Ruslan Əliyevi də saxlayıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər R.İmaməliyevi izləyərək Bakıda yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib, zorla avtomobilə oturdublar. Onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək 450 min manat pul tələb ediblər.

R.İmaməliyev girovluqdan azad olmaq üçün anasına zəng edərək 400 min manatı göndərməyi tapşırıb. Anası Ceyran İmaməliyeva isə pulu kiçik oğlu Ramizə verib və deyilən yerə göndərib. Ramiz İmaməliyev 450 min manatı təqdim etdikdən sonra Ramil sərbəst buraxılıb.

Əldə olunan pul saxlanılan şəxslər arasına bölüşdürülüb. Əməliyyat istintaq tədbirləri zamanı pulun 20 min manatı Z.Xasıyevlə A.Şəmiyevdən, 98 min manatı isə R.Əliyevdən götürülüb. Eləcə də İmaməliyevlərin evində axtarış aparılarkən gizlədilmiş 6600 manat və 800 ABŞ dolları tapılıb. Ramiz İmaməliyev daha sonra etiraf edib ki, qardaşı tutulmazdan bir neçə gün əvvəl ona və anasına zəng edərək, oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramiz İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin yanında basdırıb. Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190 800 manat pulu taparaq istintaqa təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi