Yuxarı

"Bakı Taxıl Terminalı"nın baş texnoloqunu öldürən şəxslərin məhkəmə istintaqı başa çatıb

Təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istəyirəm

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovu qətlə yetirməkdə təqsirləndirilən Ehtiram Həsənov, Məhnurə Hüseynova və Mübariz Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin hər üçü özlərini təqsirli bildiklərini deyiblər. Daha sonra E.Həsənov istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib. O, hadisədən əvvəl hər şeyi özünün planlaşdırdığını deyib. M.Əliyev istintaqa verdiyi ifadəni təsdiq etdiyini, lakin soyğunçuluqda iştirak etmədiyini vurğulayıb. M.Hüseynova isə qətl hadisəsində iştirak etmədiyini deyib.

Qətlə yetirilən Qalib Bağırovun qardaşı Elşən Bağırov da dindirilib. O, Q.Bağırovun oğlunun ona zəng edib bağ evinə gəlməsini istədiyini bildirib: "Hadisədən sonra evə çatanda qardaşımın öldürüldüyünü bildim. Təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istəyirəm".

Məhkəmə istintaqı tamamlanması elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi sentyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkar olunub. Daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü ( zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq ) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Məhnurə Hüseynova və Mübariz Əliyev tutularaq istintaqa cəlb ediliblər.

Müəyyən edilib ki, qeyd edilən şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 07 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu qəsdən öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 belorus rublu məbləğində pul vəsaitini, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

E.Həsənov, M.Hüseynova və M.Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi