Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib Bakı. 24 yanvar. REPORT.AZ/ Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2018-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Hadisə
24 Yanvar , 2019 17:38
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2018-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

"Report"un məlumatına görə, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə edib.

Qeyd olunub ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, mütəmadi olaraq Bakı şəhər, rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, şikayətləri yaradan səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Hesabat dövründə şəhər prokurorluğu orqanlarına 15745 müraciət daxil olub, həmin müraciətlərdən 4105-i həll edilib, o cümlədən 1404 müraciət təmin edilib. 2018-ci il ərzində 5866 vətəndaşın qəbulu keçirilib.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsanlar hər bir rayon prokurorunun diqqətinə çatdırılıb. Eyni zamanda qəsdən adam öldürmə, quldurluq və yol nəqliyyat hadisələrindən bağlı qalancinayət faktlarının, eləcə də bağlı oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində olan nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Həmçinin istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları təhlil edilərək onların aradan qaldırılması tələb edilib.

Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhərinin rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Yekunda şəhər prokuroru İlqar Abbasov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi