Bakı. 17 mart. REPORT.AZ/ Bakı şəhər Prokurorluğu gənc yazar, jurnalist Mövlud Mövludun özünü 17-ci mərtəbədən ataraq intihar etməsi haqqında rəsmi məlumat yayıb.
Prokurorluqdan "Report"a verilən məlumata görə, martın 15-də saat 02 radələrində Binəqədi rayon sakini, “Teleqraf.com” agentliyinin redaktoru, 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun Binəqədi rayonu ərazisində işlədiyi agentliyin yerləşdiyi binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib: "Araşdırmalarla müəyyən edilib ki, Mövlud Abdullayevin intihar etməsinə səbəb ilkin ehtimala görə həyat yoldaşı ilə ailə münasibətlərinin pozulması olub".
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.