Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Xəzər rayon Məhkəməsində Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Gülağa İslamovun rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan Eldar Mansurova qarşı iddia ərizəsi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışının yeniləndiyi elan olunub.
Hakim bildirib ki, iddiaya üçüncü tərəf kimi Bakı Şəhər İcra Hakimiyyəti cəlb edilib.
Buna görə də proses oktyabrın 8-dək təxirə salınıb.
Xatırladaq ki, Xəzər RİH-nin başçısı G.İslamov iddia ərizəsində qeyd edib ki, Mərdakan qəsəbəsində bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək E.Mansurov adlı şəxsin həmin qəsəbənin R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxladığını bildiriblər.
İcra başçısının iddia ərizəsində göstərilib ki, ətrafda narahatlıq və antisanitar vəziyyət yarandığından sakinlərin şikayəti araşdırılıb: “Eldar Mansurova məxsus həyətə baxış keçirilib. Baxış zamanı 300-ə yaxın itin qonşuluqda yaşayan sakinlərə məxsus fərdi yaşayış evlərinin bilavasitə sanitariya-mühafizə zonasında saxlandığı, buna görə də ərazidə kəskin qoxunun və səs-küyün gəldiyi aşkar edilib”.
G.İslamov ərizəsində bildirib ki, araşdırmalardan sonra E.Mansurov barəsində İnzibati Xətalar Məcəlləsinin 290.1.1, 290.1.6, 290.2 maddələrində nəzərdə tutulan “Ev heyvanlarının saxlanması qaydaları”na uyğun olaraq, sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub: “Eldar Mansurov qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən saydan artıq ev heyvanları saxladığı üçün Xəzər rayon Polis idaərsinin 1-ci polis bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub”.
G.İslamov Xəzər rayon Məhkəməsinə müraciətində sahibsiz itlərin yaşayış sahəsindən çıxarılmasını və E.Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini tələb edib.