​Bakı sakinini öldürüb, qardaşını yaralayan şəxs apellyasiya şikayəti verib

​Bakı sakinini öldürüb, qardaşını yaralayan şəxs apellyasiya şikayəti verib İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq
Hadisə
24 May , 2016 10:34
​Bakı sakinini öldürüb, qardaşını yaralayan şəxs apellyasiya şikayəti verib

Bakı. 24 may. REPORT.AZ/ Bakıda qətl hadisəsi törətməkdə təqsirləndirilən İbrahim Dadaşov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 25-nə təyin edilib.

İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqust ayında Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində yerləşən 8 saylı yaşayış binasının qarşısında baş verib. Həmin ünvanda 1985-ci il təvəllüdlü İsrafilov Elşən Şakir oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü İsrafilov Elcan Şakir oğlu bıçaqlanıb. Xəsarət alan hər iki qardaş 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanaya çatdırılıb. Orada tibbi yardım göstərilsə də, E.İsrafilovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Cinayəti törədən həmin şəxslərin qonşusu 1991-ci il təvəllüdlü İ.Dadaşov Suraxanı Rayon Polis İdarəsinə gələrək təslim olub.

İstintaq zamanı məlum olub ki, qonşular arasında mübahisə İ.Dadaşovun başladığı voleybol oyunu üstündə olub. E.İsrafilov ailəsinin rahatlığını pozan səs-küyə görə narazıçılığını bildirib. Bu sözlər İ.Dadaşovun xoşuna gəlməyib, onlar arasında mübahisə başlayıb. Nəticədə İ.Dadaşov bıçağa əl atıb.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Dadaşov 19 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi